Alsatmall.com Qaydaları

1.Ümumi Müddəalar

  1. Alsatmall.com-un daimi və ya müvəqqəti Satıcıları və Mağazaları (bundan sonra, İstifadəçilər adlandırılacaq) e-ticarət platformasında satış etmək üçün məhsul yerləşdirməzdən əvvəl Alsatmall.com-un Qaydaları və İstifadəçi Razılaşması ilə tanış olmalıdır.

  2. Bu Qaydalar, İstifadəçi Razılaşması, Məxfilik Siyasəti və saytımızda qeyd olunmuş digər bütün siyasətlər Alsatmall.com-un Qaydalarını müəyyən edir ki, Siz bu qaydalar əsasında saytımıza daxil ola bilər, saytdan, onun xidmətlərindən, tətbiqlərdən və digər vasitələrdən (ümumilikdə “Xidmətlər”-dən) istifadə edə bilərsiniz. Bütün siyasətlər bu Qaydalara və İstifadəçi Razılaşmasına daxil edilmişdir. Xidmətlərimizə daxil olub onlardan istifadə etdiyiniz zaman Alsatmall.com-un Qaydalarına riayət etməyə razılıq vermiş olursunuz. Əməkdaşlıq edəcəyiniz və ya etdiyiniz müəssisə (E-Ticarət Platforması) Birləşmiş Ərəb Əmirlikləri, Dubay, Deyra, Baniyas yolu, Al-Sabkha Tower, Ofis 602 ünvanında yerləşən Yarpaq&Relax MMC-dir. Nəzərinizə çatdırırıq ki, bu Qaydalar və İstifadəçi Razılaşması bizim bir-birimizə qarşı olan iddiaların necə həll olunduğu barədə müddəalardan ibarətdir.

  3. Əgər Alsatmall.com-dan sui-istifadə etdiyiniz aşkar olunarsa, biz öz müstəsna mülahizələrimizə əsasən və digər hüquqi müdafiə vasitələrini məhdudlaşdırmadan Sizin hesabınızı və xidmətlərimizə girişinizi məhdudlaşdıra, dayandıra, yerləşdirdiyiniz məlumat və məhsulları kənarlaşdıra, hesabınızla əlaqəli istənilən xüsusi statusları, siyahılarınızı silə, endirimləri azalda və ya aradan qaldıra və xidmətlərimizdən istifadənizi dayandırmaq üçün texniki və hüquqi addımlar ata bilərik.

  4. Alsatmall.com Rəhbərliyi platforma qaydalarının istənilən vaxt birtərəfli qaydada və öncədən xəbərdarlıq etmədən yenilənməsi, dəyişdirilməsi və s. kimi hüquqa sahibdir.

 

2.Şəxsi Əlaqə Məlumatları

  1. Şəxsi məlumatlar və əlaqə vasitələri düzgün və dəqiq qeyd edilməlidir.

  2. Qeyd edilən email daimi istifadədə olan email olmalıdır. Çünki məhsul yerləşdirilməsi, dəyişdirilməsi, silinməsi, digər ödənişli xidmətlərdən yararlanma zamanı alsatmall.com tərəfindən informasiya üzrə email göndərişləri həmin email ünvanınıza yönləndiriləcək. Həmçinin istifadəçi hesabı yaradıldığı halda hesabı idarə edə bilmək üçün işlək email olmalıdır.

  3. Telefon nömrəsi işlək və özünəməxsus olmalıdır. Başqa şəxsin telefon nömrəsini qeyd etmək qadağandır. Bu məsələ aşkar olunarsa və ya həmin şəxs bu səbəbdən narahat edilərsə yanlış əlaqə məlumatı yerləşdirən İstifadəçi alsatmall.com-un Qara Siyahısına əlavə ediləcək, həmçinin ehtimal yarandığı zaman AR Qanunvericiliyi əsasında lazımı tədbirlər görüləcək. Telefon nömrəsi səhv qeyd olunduğu halda isə məhsul saytda dərc olunmayacaq.

 

3.Bir Neçə Hesab Yaradan İstifadəçilər

  1. Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir İstifadəçi Hesabının yaradılmasına və istifadəsinə icazə verilir.

  2. Moderasiya prosesində bir İstifadəçiyə aid olan bir neçə İstifadəçi Hesabları aşkar edildikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilir və əlavə hesab yaradılması üzrə fəaliyyət dayandırılır və ya blok edilir.

 

4.Alsatmall-da Sat, Pulsuz Mağaza Yarat və Rəsmi Mağaza Yarat

  1. Alsatmall-da Sat:

    1. İstifadəçi məhsulunu ən rahat və qısa yolla (qeydiyyatdan keçmədən) sata bilməsi üçün “Alsatmall-da Sat” funksiyasından istifadə edə bilər.

  2. Pulsuz Mağaza Yarat:

    1. İstifadəçi “Pulsuz Mağaza” yaradaraq geniş və müxtəlif funksiyalı şəkildə məhsullarını idarə edə, satış həyata keçirə bilər.

    2. “Pulsuz Mağaza Yarat”-maq üçün Alsatmall.com-da Hesab açmaq kifayətdir. İstifadəçi öz Hesabı vasitəsilə bütün məhsulları rahatlıqla idarə edə biləcək. İstər satıcılar, istərsə də offline və online mağazalar bu xidmətdən pulsuz yararlana bilər. “Alsatmall-da Sat”-dan fərqli olaraq əlavə funksiyalar və üstünlüklər əldə edilmiş olunacaq. Buraya məhsullarda endirim edə bilmə, bölmələr üzrə nizamlamaq və s. kimi funksiyalar aiddir.

  3. Rəsmi Mağaza Yarat:

    1. Yalnız VÖEN hesablı fiziki və ya hüquqi şəxs “Rəsmi Mağaza” yaradaraq öz mağazasını, məhsullarını “Pulsuz Mağaza”-dan tam fərqli, çox və üstün funksiyalarla idarə edə, satış həyata keçirə və info reklam edə bilər.

    2. “Rəsmi Mağaza” adından info reklam və məhsullar yerləşdirmək üçün ödənişli Hesabdan istifadə edilməlidir. Həmin İstifadəçi Hesabı 30 gün müddəti üçün keçərlidir. Bunun üçün isə “Rəsmi Mağaza” İstifadəçi Hesabı açmaq kifayətdir.

  4. Alsatmall.com Qaydaları və İstifadəçi Razılaşması yuxarıda qeyd olunan funksiyalar üzrə fəaliyyət göstərən İstifadəçilərin hamısına şamil olunur.

 

5.Məhsulun Yerləşdirilməsi

  1. İstifadəçi AR Qanunvericiliyinə, həmçinin Alsatmall.com Qaydalarına zidd olmayan  və mövcud bölmələr üzrə istənilən sayda yeni və ya işlənmiş məhsul yerləşdirə bilər.

  2. Məhsul yerləşdirərkən platformanın qaydalarına uyğun olub-olmamasını nəzərdən keçirməlisiniz. Məhsul platformaya dərc edilməzdən əvvəl moderasiya zamanı qayda pozuntusu aşkar edilərsə, həmin məhsula düzəliş etmək və ya saytdan silmək hüququ platformanın moderasiyasındadır.

  3. Satılacaq məhsulun moderasiyadan keçmə müddəti maksimum 12 saat (yarım gün) təşkil edir.

  4. Platformada yerləşdirilən məhsul müddətsiz olaraq Alsatmall.com-da təqdim olunacaq. Yalnız istifadəçi məhsulunu özü silmə ixtiyarına sahibdir.

  5. Platformada bir İstifadəçi adına və ya Hesabına iki və daha çox təkrar məhsul aşkar edilərsə, təkrar məhsullar silinir.

  6. Platformaya daxil olan müxtəlif cins və yaş həddi olan istifadəçiləri nəzərə alaraq, yaş həddi müəyyən edilmiş, zərəri olan və mənəvi ziyanlı məhsulların platformada satışı Qadağandır.

  7. İstifadəçinin platformada yerləşdirmək istədiyi məhsul Platforma Qaydalarına uyğun gəlmədiyi halda məhsul dərc olunmamış, məhsula görə İstifadəçinin məhsulu yerləşdirərkən və ya İstifadəçi Hesabında qeyd etdiyi email ünvanına məhsulda düzəliş edilməsi haqqında və ya silinmə səbəbi ilə əlaqədar informasiya mətni göndərilir.

 

6.Məhsulun Təsviri

  1. Satılacaq yeni və ya işlənmiş məhsulla əlaqədar düzgün məlumatlar yerləşdirilməlidir.

  2. Məhsulun adı satılacaq məhsula uyğun və münasib yazı şəklində olmalıdır. Məhsul adlarını qeyd edərkən bütün hərflər böyük hərflə yazılmamalı, əlaqə məlumatları qeyd edilməməli, simvollardan istifadə olunmamalıdır. Əks halda moderator tərəfindən lazımı düzəlişlər ediləcək.

  3. Məhsulun bütün xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Satılacaq məhsulun təsviri məhsula uyğun və geniş olmalıdır. Təsvir qrammatik cəhətdən düzgün və dəqiq yazılmalı, məhsul haqqında fikirlər dəqiq ifadə edilməlidir.

  4. Təsvir qeydində müştərinin məhsul haqqında ətraflı tanış olması üçün keçid linki yerləşdirilməməlidir. Həmçinin məhsulun təsvirini şəkil formatına salıb şəkillərə əlavə edərək təsviri boş buraxmağa icazə verilmir. Əks təqdirdə moderator tərəfindən link və ya məhsul aradan qaldırılacaq.

  5. Məhsul haqqında dəqiq olmayan və ya yanlış məlumatın qeyd edilməsi, həmçinin, məhsulun qüsurlarının gizlədilməsi məhsulun moderator tərəfindən silinməsinə səbəb ola bilər.

  6. İstifadəçi Hesabı vasitəsilə məhsul yanlış bölmədə yerləşdirilərsə, həmin məhsul moderator tərəfindən daha uyğun bölməyə köçürülə bilər. “Alsatmall-da Sat” vasitəsi ilə platformada yerləşdiriləcək məhsulu isə moderator lazımı bölməyə yönləndirir.

  7. Hesab yaradaraq məhsul satışını həyata keçirən İstifadəçi məhsulun təsvirini azərbaycan və rus dillərində qeyd etməlidir. Rus dili əlavə üstünlükdür. Çünki alıcı kimi sayta daxil olan istifadəçilərin əksəriyyəti saytın rus dili funksiyasından istifadə edir. Ümumilikdə isə məhsul təsvirində rus dilindən istifadə edildiyi zaman sözlərin latın hərfləri ilə yazılmasına icazə verilmir.

  8. Satılacaq məhsulun şəkillərini əlavə etmək mütləqdir. Platformada yerləşdiriləcək məhsul şəkilləri satılacaq məhsulu dəqiq, düzgün və ətraflı əks etdirməlidir. Keyfiyyətsiz, aydın olmayan, satılacaq məhsulu dəqiq və düzgün əks etdirməyən şəkillər yerləşdirilərsə, həmin məhsul moderator tərəfindən platformada yerləşdirilməyəcək.

  9. Şəkillərdə hər hansı loqotip, əlaqə və reklam xarakteli məlumatlar olmamalıdır. Əxlaqa zidd, siyasi təbliğatlı şəkillərin yerləşdirilməsi qəti Qadağandır. Moderasiya prosesində bu kimi şəkilləri olan məhsullar aradan qaldırılacaq.

 

7.Məhsulda Düzəliş Edilməsi və Məhsulun Silinməsi

  1. “Alsatmall-da Sat” vasitəsilə məhsulunu satışa çıxaran İstifadəçi ona təqdim edilən Məhsul PİN Kodu vasitəsilə satılacaq məhsulunda düzəliş edə və ya həmin məhsulu silə bilər.

  2. “Pulsuz Mağaza” və ya “Rəsmi Mağaza” yaradaraq Hesab sahibi olan İstifadəçi öz Hesabına daxil olaraq satılacaq məhsulunda düzəliş edə və ya həmin məhsulu silə bilər.

  3. İstifadəçi məhsulunu satıbsa və ya artıq satmaq fikrində deyilsə, o zaman həmin məhsulu silmək məsləhət edilir. Çünki həmin məhsul platformada təqdim olunduğu müddətdə müştərilər məhsul üçün zəng edib İstifadəçiyə narahatlıq yarada bilərlər.

 

8.Qadağan Olunmuş Məhsullar

  1. Alsatmall.com-un qaydalarına və tələblərinə cavab verməyən məhsulların satışı Qadağandır.

  2. Başqa şəxsə məxsus məhsulu özünküləşdirərək, həmin məhsulun satışını həyata keçirtmək Qadağandır. Bu hal platforma tərəfindən aşkar olunarsa və ya həmin məhsul haqqında öz sahibi şikayət edərsə gərəkli inzibati tədbirlər görüləcək.

  3. İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının istifadəçi şəklində, adında və ya məhsul şəkli yerində istifadə edilməsi Qadağandır.

  4. Ədəbsiz, əxlaqa zidd, zərərli və mənəvi ziyanı olan məhsulların satışı Qadağandır.

  5. Platforma üzərindən hərrac məhsulların reklam edilməsi, satışı və ya hərrac yolu ilə satılması Qadağandır.

  6. Həmçinin şübhəli və ya şans tipli, internetlə əlaqəli gəlir əldə etmək üçün məhsulların satışı və bu kimi xidmətlərin reklamı Qadağandır.

  7. Qadağan olunmuş məhsullar haqqında olan qaydalar pozulduğu halda lazımı tədbirlər görülə bilər.

 

9.Müraciət, Şikayət, Qara Siyahı

  1. İstifadəçi platforma ilə əlaqədar yaranan problem və ya köməkliklə bağlı platformanın əlaqə vasitələrinə müraciət edə bilər.

  2. Alıcı və ya satıcı məsələ qaldırarkən, biz İstifadəçinin fəaliyyət tarixçəsini və bizim xidmətlərimizdən istifadə etdiyi spesifik halları nəzərə ala bilərik. Həm alıcı, həm də satıcı üçün doğru olanı etmək məqsədilə mühafizə siyasətinə ən uyğun variantı seçə bilərik.

  3. İstifadəçi platformanın qaydalarını ilk dəfə pozduğu halda İstifadəçiyə xəbərdarlıq edilir, bu hal təkrarlandıqda isə Qara Siyahıya düşür.

  4. İstifadəçi operatora və ya moderatora qarşı hörmətsizlik etdikdə istifadəçinin əlaqə vasitələri blok olunur və Qara Siyahıya düşür.

  5. Ödənişli xidmətlərin göstərilib-göstərilməməsindən asılı olmayaraq platformanın qayda pozuntularına yol verilibsə, haqqı ödənilmiş məhsul və ya məhsullar ləğv edilə bilər. Əgər xidmət göstərilibsə belə, ödəniş geri qaytarılmır.

  6. Əlaqə vasitələrinin Qara Siyahıdan çıxarılması mümkün deyil.

  7. Bundan əlavə, ciddi səbəbdən bizim şübhəli siyahımıza düşmüş İstifadəçiləri öz xidmətlərimizdən təcrid etmək hüququna sahibik.

 

10.İstifadəçi Razılaşması və Məxfilik Siyasəti

  1. Alsatmall.com E-Ticarət Platformasında məhsulların yerləşdirilməsi, xidmətlərdən istifadə və İstifadəçilərin platformadakı fəaliyyətləri İstifadəçi Razılaşması və Məxfilik Siyasəti ilə tənzimlənir. Platformanın xidmətlərindən yararlanan hər bir İstifadəçi Alsatmall.com-un “İstifadəçi Razılaşması”-nı (Alsatmall.com-un Qaydaları, xidmətlər üzrə təlimatları, bütün şərtləri və öhdəlikləri) qəbul etmiş sayılır.

  2. Razılaşmanın tərəfləri – Platforma Administrasiyası və İstifadəçidir.

  3. Platforma İstifadəçisi – Platforma Qaydalarını, İstifadəçi Razılaşmasının şərtlərini qəbul etmiş və Platformanın xidmətlərindən istifadə edən səlahiyyətli və məsuliyyətli şəxsdir.

  4. Hər bir İstifadəçi platformada Hesab açmaq hüququna sahibdir. İstifadəçi Hesabı - Rəsmi və Pulsuz Mağazadan ibarət olmaqla İstifadəçi tərəfindən müəyyən edilmiş şəxsi məlumatlar üzrə qeydlərdən və məhsulları idarə edə bilmək üçün funksiyalardan ibarətdir.

  5. Administrasiya istənilən vaxt İstifadəçiyə bildirmədən birtərəfli qaydada hazırkı Qaydaları və İstifadəçi Razılaşmasının şərtlərini dəyişdirmək hüququna sahibdir. Dəyişdirilmiş Qaydalar və İstifadəçi Razılaşması Platformada dərc edildiyi tarixdən qüvvəyə minir.

  6. İstifadəçi hazırkı Qaydalar və İstifadəçi Razılaşması şərtləri ilə və ya gələcəkdə edilə biləcək dəyişikliklərlə əlaqədar razı olmadığı halda Alsatmall.com-a daxilolmadan imtina etməli, mövcud xidmətlərdən yararlanmamalıdır. Əgər İstifadəçi platformaya daxil olur və  xidmətlərdən istifadə edirsə, o zaman Qaydalar və İstifadəçi Razılaşması ilə razılaşır və onları qəbul edir.

  7. Administrasiya İstifadəçi tərəfindən qeydiyyat, məhsul moderasiyası zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.

  8. Administrasiya İstifadəçinin platformada qeydiyyat zamanı qeyd etdiyi şəxsi və/və ya məhsul haqqında informasiyaların tam həqiqəti əks etdirdiyinə zəmanət vermir. Həmçinin platformada yerləşdirilmiş məhsulların təsvirinə, etibarlığına, keyfiyyətinə, İstifadəçinin kimliyi və əlaqə vasitələrinə görə, həmçinin üçüncü şəxslərin hüquqlarının pozulmasına görə heç bir məsuliyyət daşımır.

  9. Administrasiya qeydiyyatdan keçmiş və ya keçməmiş İstifadəçilərə mövcud platforma Qaydalarına riayət etmək şərtilə platformada məhsul yerləşdirmə hüququ verir. Şübhəli məqamlar olduğu və Qaydalara riayət olunmadığı halda həmin məhsulu platformada dərc etməmək hüququna malikdir.

  10. Administrasiya Qaydalara uyğun olaraq məhsullarda düzəliş etmək, məhsulu lazımı bölməyə yönləndirmək və bu kimi fəaliyyətlər hüququna sahibdir.

  11. Administrasiya İstifadəçilərin platformada qeyd etdikləri telefon nömrələrinə və/və ya email ünvanlarına müəyyən tarixlərdə gərəkli xəbərləri, reklamları SMS və/və ya email ilə göndərmək hüququna malikdir.

  12. İstifadəçi anlayır və razılaşır ki, platformanın qeydiyyat hissəsində özü haqqında məlumatları yerləşdirərkən, həmin məlumatların bir qismi platformada İstifadəçi məhsuluna daxil olduqda göstərilir. Bu əlaqə məlumatları ilə müştərilər İstifadəçi ilə tanış ola, əlaqə saxlaya bilir.

  13. İstifadəçi Platformanın qeydiyyatında qeyd etdiyi şəxsi və digər məlumatları istənilən vaxt qismən dəyişdirmək və ya məlumatları silmək imkanına və hüququna sahibdir.

  14. Qara Siyahıya əlavə edilmiş və ya məlumatları etibarsız olan İstifadəçi, Administrasiyanın xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Həmçinin belə İstifadəçi platforma xidmətlərindən istifadə üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüququna malik deyildir.

  15. İstifadəçi qeyd etdiyi şəxsi məlumatların və məhsul informasiyasının düzgünlüyünə görə məsuliyyət daşıyır.

  16. İstifadəçi Platformanın pullu xidmətlərindən istifadə edə bilər.

  17. İstifadəçi Razılaşmasının pozulması zamanı Administrasiya tərəfindən İstifadəçinin pullu xidmətləri də bloklanacaq. Bu səbəbdən İstifadəçi tərəfindən pullu xidmətlərə görə ödənilmiş məbləğlər geri qaytarılmır.

  18. Pullu xidmətlərə görə ödəniş etmiş İstifadəçi məbləğlərin geri qaytarılması xahişi ilə Administrasiyaya müraciət edə bilər. Həmin məbləğlərin geri qaytarılıb və ya qaytarılmaması haqqında qərar isə birtərəfli qayda ilə Administrasiya tərəfindən qəbul edilir. Bu qərarın verilməsində isə müəyyən səbəblərə istinad ediləcək.

  19. Məxfilik Siyasəti İstifadəçi məlumatlarının toplanması, istifadəsi, açıqlanması, saxlanması və qorunması haqqındadır.

  20. İstifadəçi öz şifrəsini gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz email ünvanından və şifrəsindən istifadə edərək Şəxsi Hesabında yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. Əgər İstifadəçinin onun Şəxsi Hesabına icazəsiz daxilolma haqqında şübhəsi varsa, İstifadəçi öz şifrəsini sərbəst dəyişməyi öhdəsinə götürür.

  21. Hesabda daimi qalmaq. İstifadəçi öz Hesabına daxil olaraq platforma xidmətlərindən istifadə etdikdə, İstifadəçiyə müəyyən müddət ərzində İstifadəçi Hesabında daimi qalmaq imkanı verilir. Əgər İstifadəçi ictimai kompüterdən, planşet və ya mobil telefondan istifadə edirsə və ya onları kiminləsə paylaşırsa, İstifadəçi Hesabında daimi qalmağı seçməyini məsləhət görmürük.

  22. İstifadəçi Razılaşması İstifadəçinin platforma xidmətlərindən istifadəsinin başlanğıcı anından qüvvəyə minir, İstifadəçinin qeydiyyatı və ya məhsulun yerləşdirilməsindən asılı olmayaraq müddətsiz qüvvədədir.

  23. İstifadəçi istənilən vaxt platformanın xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququna sahibdir.

  24. Mübahisələrin yarandığı zaman hazırkı İstifadəçi Razılaşmasının tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı İstifadəçi Razılaşmasının və platforma xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.

  25. Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi də tətbiq edilir.

 

Daxil ol

Zəhmət olmasa, elektron poçt ünvanınızı və şifrənizi təqdim edin